
Bıçaqları çəngəl və qaşıqlardan ayrı saxlamaq lazımdır, çünki bıçaqlar başqa metala dəydikdə kütləşir.
Bıçağı isti sobanın üstündə saxlamaq olmaz, istidən bıçağın ağzı qızır, polad möhkəmliyini və elastikliyini itirir. Taxta dəstəkli bıçaq və çəngəlləri isti suda çox saxlamaq olmaz. Çünki istidən metal və taxtanı yapışdıran yapışqan əriyir.
Bıçaq və çəngəlləri limon şirəsi ilə silmək məsləhət görülür.
Ət maşınını yuyandan sonra isti yerdə saxlayanda bıçağı kütləşir.
Büllur qabları yuyandan sonra onları kağız salfetlə silmək lazımdır. Çünki dəsmalla siləndə üstündə xovu qalır.
Şüşə butulka və qrafinləri yumaq üçün içinə ya xırda doğranmış kartof, ya əzilmiş yumurta qabığı, ya da qəzet parçaları tökmək lazımdır. Butulka, ya da qrafin bərk çalxalandıqdan sonra təmiz su ilə yuyulmalıdır.
Çini qabları istifadə etməmişdən qabaq bir neçə saatlığa soyuq suya qoyub, sonra isti su ilə yaxalayın. Belə etdikdə, çini qablar möhkəm olur.
Qızılı suya çəkilmiş çini qabları soda ilə yumaq olmaz. Belə etdikdə, qabın rəngi gedər.
Saxsı qablardakı çatlamış yerləri tutmaq üçün qabın içinə bir neçə parça qənd salıb, onu bərk odun üstünə qoymaq lazımdır. Belə ki, qəndin əriməsindən əmələ gələn şirə axıb bütün çatlamış yerləri tutur və quruyandan sonra bərk kütləyə çevrilir. Nəticədə, həmin qabdan yenə də istifadə etmək olar.
Duru xörəkləri alüminium qabda və ya zədəli emallı qabda bişirməyin. Çünki xörək üçün istifadə olunan su, bu qablarda çoxlu miqdarda alüminium və ağır metal duzlarını toplayır.
Tərəvəzi və kartofu qaynar suya töküb bişirdikdə, onun tərkibindəki C vitamini daha çox saxlanılır.
Soyulmuş və doğranmış tərəvəzi suda çox saxlamaq olmaz, çünki tərkibində olan C vitamini azalır.
Tərəvəzin rəngi dəyişməsin deyə, onu əvvəlcə qızartmaq lazımdır.
Kəsilmiş limonu 5-6 damcı sirkə damızdırılmış nəlbəkiyə (başıaşağı) qoyduqda, təravətini itirmir.
Qurumuş limonu soyuq suya saldıqda təzələnir. Limonu quru bankalara qoyub xüsusi sintetik qapaqlarla örtüb soyuq yerdə saxladıqda, uzun müddət təzə qalır.
Əgər balığı pulcuqlardan tez təmizləmək istəyirsinizsə, onu bir saniyə qaynar suya salıb çıxarın. Bundan sonra (quyruğundan başlamaqla) adi sürtgəcin köməyilə onu pulcuqlarından asanlıqla təmizləyə bilərsiniz.
Göyərtini bir neçə gün müddətində təzə saxlamaq üçün onu kağıza büküb, polietilen paketə yerləşdirmək və soyuducuya qoymaq lazımdır. Göyərtinin birbaşa polietilenlə təmasda olması arzu olunmazdır.
Soyuducunuzu qoxudan təmizləmək üçün soyuducunuza bir səkan soda qoyun, bu qoxunu götürəcək və onu ayda iki dəfə dəyişməyə çalışın.
Qoxudan necə qurtulmalı?
Qida məhsulları saxlanan mətbəx dolablarında xoşagəlməz qoxudan qurtulmaq üçün oraya ovulmuş kömür qoyun. Kömür bütün kənar iyləri özünə çəkir, arabir kömürü dəyişmək lazımdır.
Eyni zamanda, şkafa kağızda üyüdülmüş kofe qoysanız, pis qoxu aradan qalxacaq.
Çörəkqabındakı spesifik iyi yox etmək üçün qabı sirkə ilə isladılmış əsgi ilə silmək, sonra isə qurulamaq lazımdır.
Metal qutudakı xoşagəlməz iy bir neçə kibrit yandırdıqdan sonra aradan qalxır.
Əgər yuyulan qablarınız balıq, sarımsaq iyi verirsə, onları sirkəli isti su ilə yumaq məsləhətdir (2 litr suya 2 xörəkqaşığı sirkə). Qabdan gələn soğan iyini aradan qaldırmaq üçün isə onun dibinə 2-3 xörəkqaşığı sirkə töküb, ocağın üzərində 2-3 dəqiqə qaynatmaq lazımdır.
Sonra isə qabyuyan vasitə ilə yuyun.
Bıçaqdan soğan iyini aparmaq lazım olduqda, bıçağı bitki yağı ilə silin.








